Bu gün, iyunun 20-də Qax rayon İcra Hakimiyyətində əməliyyat keçirildiyi bildirilir.
Azərbaycanın yerli saytlarının məlumatına görə, əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirib.
İlkin məlumatda rayon icra başçısı Musa Şəkiliyev və müavinlərinin saxlandığı iddia edilir. Vurğulandığına görə, onlarla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər əməllər üzrə araşdırmalar gedir.
Hələlik, bu məlumata DTX-dən, Qax rayon İcra Hakimiyyəti və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.
M.Şəkiliyev bu vəzifəyə 2010-cu ildə təyin olunub.
Xatırlatma
Bundan əvvəlki illərdə Azərbaycanda bir çox icra başçıları ardıcıl şəkildə həbs ediliblər. Ölkədə icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarında DTX əməliyyatlar keçirmişdi. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib. Onlar mənimsəmə və başqa ittihamlarla müxtəlif müddətə həbs cəzası alıblar. Məhkəmə prosesində bəziləri ittihamları qismən qəbul etsə də, çoxu onları, əsasən, yalanlayıblar.
Onlardan Ağstafa rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev hökmdən (9 il) az sonra koronavirusa yoluxub və 2021-ci il sentyabrın 5-də ölüb. Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov isə (7 il 3 ay) 2023-cü ilin dekabrında – vaxtından əvvəl şərti azadlığa buraxılandan beş ay sonra vəfat edib.